Unibank Premyer Liqası / Xəbərlər
Kaxaber Tsxadadze: Hücumçularda bir qədər cəsarət çatışmır
29/01/2012
Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən Bakının "İnter" klubu ötən gün daha bir yoxlama görüşündə qüvvəsini sınayıb.
Qol.Az-ın məlumatınma görə, Kaxaber Sxadadzenin komandası bu dəfə Ukraynanın "Volın" klubu ilə qarşılaşıb.
Lakin matç elə başladığı kimi də başa çatıb. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb - 0:0.
Qarşılaşmadan sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze yoxlama matçı barədə fikirlərini "İnter" klubunun rəsmi saytına müsahibəsində açıqlayıb.
"Volın" kifayət qədər yaxşı komandadır, bununla belə, yaxşı qol vəziyyətləri yaratmağı bacardıq. Son yoxlama görüşlərindən sonra görünür ki, komandada oyunun təşkilində, fiziki hazırlıqda, yenidən düzülmədə və xəttlərarası əlaqələrdə irəliləyişlər var. Amma hücum planında oynayan futbolçularda hücumu uğurla başa vurmaq üçün bir qədər cəsarət çatışmır. Bu istiqamətdə çalışmalıyıq", - Tsxadadze bildirib.


