Mahir Şükürov: Biz hələ ilk altılığa vəsiqəni rəsmiləşdirməmişik
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Mahir Şükürov: Biz hələ ilk altılığa vəsiqəni rəsmiləşdirməmişik

23/01/2012

“Qəbələ”nin kapitanı Mahir Şükürov azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından, öz biznesindən, eləcə də legioner limitindən danışıb.

- Mövsümün qalan dövrünə hazırlıqlar necə gedir?

- Qəbələdəki fiziki hazırlığın ardından bura gəldik. İndi artıq daha çox meydanda vaxt keçiririk. Zədəsini sağaldan Vurğun Hüseynovdan başqa hamı məşq edir. Bizi çətin oyunlar gözləyir. Axı biz hələ ilk altılığa vəsiqəni rəsmiləşdirməmişik. Rəhbərlik isə bizdən nəticə tələb edir. Kollektivdəki atmosfer yaxşıdı.

- Amma ilk sınaq matçınızda “Atırau”ya məğlub oldunuz (1:2).

- Əlbəttə, rəqibimiz o qədər güclü klub deyildi. Amma nəzərə almaq lazımdı ki, bu, bizim uzun fasilədən sonrakı ilk oyunumuz idi. Hər hissədə fərqli heyətlər oynadı. Öz səhvlərimizdən uduzduq. Eybi yox, növbəti rəqibimizi – “Krivbass”ı (25 yanvar) məğlub etməyə çalışarıq.

- Mendi – Barton – Kamanan üçlüyü nəyəsə nail ola bilər?

- Bizim hücum potensialımız bu üç oyunçu ilə məhdudlaşmır. Dodo da var. Komandamızda yaxşı rəqabət mövcuddu. Ümid edirəm ki, hər oyunda qol vura biləcəyik. Onlar klub qarşısında məsuliyyət daşımalıdılar. Bu, bütün oyunçulara aiddi.

- Komandaya Elmar Baxşiyevlə Kamanandan başqa da oyunçu lazımdı?

- Niyə də yox? Amma buna klub rəhbərliyi ilə məşqçilər korpusu qərar verir. Mövsümün əsas hissəsi hələ qarşıdadı. Odu ki, yeni futbolçular problem yaratmazdı. Həm də qarşıdakı sınaq matçları buna nə qədər ehtiyacımız olduğunu göstərmiş olacaq.

- Diskvalifikasiyadan sonra özünüzü necə hiss edirsiz? Yəqin ki, bundan sonra dərman qəbulunda daha diqqətli olacaqsız...

- Bütün toplanış boyu komandayla olmuşam. Artıq hər şeyi unutmuşam. Amma hər ehtimala qarşı diqqətli olmaq lazımdı. Onsuz da xüsusi vitaminlər qəbul etmirik.

- Bu yaxınlarda məlumat yayıldı ki, siz özünüzün biznesinizi yaratmısız. Diksvalifikasiyalı günlərinizdə futboldan sonrakı həyatınızı da düşünməyə vaxtınız oldu?

- (gülür) Bu biznes artıq dörd ildi gedir. Mən istəməzdim bunu kimsə bilsin. Çünki artıq çox şey soruşmağa başlayırlar.

- Biznesiniz nədən ibarətdi ki?

- Onu deyim ki, bu işlə özüm məşğul olmuram. Hər şeyə yaxın qohumum nəzarət edir. Bizim özümüzün quşçuluq fermamız var.

- Gəlirli biznesdi?

- Pis deyil. Az pul gətirmir.

- Fevralda AFFA legioner limitini azalda bilər. 7+4 sizin üçün yaxşı variantdı?

- Mən öncədən də legionerlərin çox olmasının əleyhinəydim. Qoy bizə az legioner gəlsin, amma yüksək səviyyəli olsunlar. İndiki dövrdə elə görünür ki, sanki biz onlardan yox, onlar bizdən nələrsə görüb öyrənirlər. Ən yaxşısı qoy “6+5” olsun. Yerli oyunçular çox az imkan qazanır. Özü də bəzi klublarda milliləşdirilmiş legionerlərin olması vəziyyəti daha da ağırlaşdırır. Belə olan halda futbolçularımız da yığmaya oyun təcrübəsi olmadan gəlirlər.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK