Unibank Premyer Liqası / Xəbərlər
"Neftçi"nin hazırlıq planı müəyyənləşib
09/01/2012
Paytaxtın "Neftçi" klubu yanvarın 11-dən fevralın 4-dək Antalyada təlim-məşq toplanışı keçəcək, məlumatı klubun rəsmi saytı yayıb.
Məlumata əsasən, "Neftçi" PFK Unibank Premyer Liqasının qarşıdakı oyunlarına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Çempionatın lideri "Mardansport" otelində məskunlaşacaq. Yanvarın 11-də qardaş ölkəyə yola düşəcək komandamız elə həmin gün otelin meydançasında məşq edəcək. Məşqin Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulub.
İki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk mərhələsi əsasən fiziki məşqlərə həsr olunacaq. Həmin dönəmdə 2-3 yoxlama matçının keçirilməsi də planlaşdırılıb. Təlim-məşq toplanışının ikinci mərhələsində isə xəbər verdiyimiz kimi, flaqman yanvarın 28-dən fevralın 3-dək keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Qeyd edək ki, "Neftçi" fevralın 4-də Bakıya qayıdacaq.


