Unibank Premyer Liqası / Xəbərlər
"Neftçi"-nın beynəlxalq turnirdə rəqibləri məlum oldu
28/01/2012
Antalyada keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin püşkü atılıb. Turnirdə ölkəmizi təmsil edəcək PFK "Neftçi"nin rəqibləri müəyyənləşib. Məlumatı paytaxt klubunun rəsmi saytı yayıb.
Püşkatmanın nəticəsinə əsasən yarışda mübarizə aparacaq 8 komanda 2 qrupa bölünüb. Flaqman Türkiyənin Antalya şəhərində keçiriləcək turnirdə Ukraynanın "Metallist", Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer alıb.
"Neftçi" yanvarın 29-da (Bakı vaxtı ilə saat 20:00) "Metallist", 30-da (saat 13:00) "Poloniya", fevralın 1-də (13:00) isə "Paxtakor"la qarşılaşacaq.
Qeyd edək ki, A qrupunda Rusiyanın "Terek", Rumıniyanın "Rapid", Qazaxıstanın "Ordabası" və Latviyanın "Dauqava" klubları mübarizə aparacaq. Hər qrupda 1-ci yeri tutan komanda finala vəsiqə qazanacaq. Turnirə fevralın 3-də yekun vurulacaq.


