Unibank Premyer Liqası / Xəbərlər
Vaqif Cavadov "Qarabağ"a qayıtdı - KİV
17/01/2012
Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadov Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, o, “Qarabağ”a keçib.
Belə ki, hücumçunun keçmiş komandası ilə iki illik müqavilə bağlaması gözlənilir. Özü də o, ağdamlılara tam pulsuz başa gələcək. Məsələ burasındadı ki, Cavadov Nijni Novqorod təmsilçisindən azad agent kimi ayrılıb və transfer vərəqəsi özündə olduğundan, “Qarabağ” Rusiya klubuna heç bir təzminat ödəməyəcək.
Bu barədə məlumatı “Qarabağ”ın direktoru Əmrah Çəlikəl də təsdiqləyib: “Artıq Cavadovun “Qarabağ”da çıxış edəcəyini deyə bilərəm. Bu gün ya da sabah o, komandanın Türkiyə toplanışına qatılacaq. Onun qayıdışına şadam. Vaqif klubumuzda ən yaxşılardan olub. İndi yenə də eyni uğurları təkrarlaya bilər”.
Xatırladaq ki, Cavadov 2007-2010-cu illər aralığında məhz “Qarabağ”da çıxış edirdi. Lakin sonradan o, Hollandiyanın “Twente” klubuna keçdi. Orda özünü göstərə bilmədiyi üçün “Bakı”ya icarəyə verilsə də, ötən il “Volqa” onu sıralarına qatdı. Lakin Vaqif bu komandada keçirdiyi 11 oyunda özünü göstərə bilməyincə, yenidən “Qarabağ”a qayıtmağa qərar verdi.
Yeri gəlmişkən qeyd edək ki, Cavadov millidə oynamaqdan imtina etdiyinə görə “Qarabağ”ın ilk beş oyununda forma geyə bilməyəcək və 5000 manat cərimə olunacaq.


