Unibank Premyer Liqası / Xəbərlər
”Xəzər Lənkəran” doğma şəhərə yollanıb
11/01/2012
Bu gün Yeni il tətilindən sonra Bakıda toplaşan "Xəzər Lənkəran" komandası başda dünən Mali səfərindən qayıdan baş məşqçisi Cüneyt Biçer olmaqla doğma şəhərə yola düşüblər. Məlumatı Lənkəran klubunun rəsmi saytı yayıb.
Komanda üzvləri yanvarın 6-dan Bakıda idilər və keçən günlər ərzində məşqlərini məhz paytaxtda keçirmişdilər. Komandamız Lənkəranda yanvarın 13-dək olacaq. Bu müddət ərzində də futbolçularımızın gündəlik məşqləri nəzərdə tutulub. Daha sonra komanda yenidən Bakıya qayıdaraq Antalyada yanvarın 16-dan fevralın 2-dək keçiriləcək təlim-məşq toplanışına hazırlaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”da baxışda olan bir neçə gənc yerli və əcnəbi futbolçular, həmçinin klub tərəfindən Azərbaycana dəvət edilən türk tibb mütəxəssisləri də komanda ilə birgə Lənkərana gedir. Həmin türk ekspertləri futbolçuların funksional vəziyyətlərini təyin etmək üçün sabah klubun bazasında müvafiq test keçirəcəklər.


