Unibank Premyer Liqası / Xəbərlər
”Xəzər Lənkəran” “Volfsburqu” məğlub edib
25/01/2012
“Xəzər Lənkəran” çərşənbə axşamı Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Komandamızın öncə Albaniya təmsilçisi “Teuta” ilə qarşılaşması planlaşdırılsa da, sonradan rəqibin dəyişdirildiyi məlum olub. Dünən keçirilmiş görüşdə rəqibimiz isə Almaniyanın Bundesliqa təmsilçisi “Volfsburq”un ikinci komandası olub. Məlumatı Lənkəran klubunun rəsmi saytı yayıb.
Matç “Xəzər Lənkəran”ın məskunlaşdığı “Spice” otelinin futbol meydançasında baş tutub. Məşqçilər korpusu bu görüşün start heyətində əsasən gənclərə üstünlük verib. Belə ki, Elvin Mirzəyev, Kamran Abdullazadə, Fikrət Ulduzlu, Akif Tağıyev və Elman Talqayev ilk dəqiqələrdən meydanda mübarizə aparmaq imkanı qazanıblar.
İlk hissədə qapilara qol vurulmasa da, fasilədən sonra komandamız hesabı açan tərəf olub. Oyunun 63-cü dəqiqəsində Elnur Abdullayev gözəl aşırma zərbəsi ilə “Xəzər Lənkəran”ı önə keçirdi. Səkkiz dəqiqə sonra rəqib komanda hesabda tarazliq yaratdı. Bununla belə matçın 77-ci dəqiqəsində Branimir Subaşiç Pitin cinah ötürməsini dəqiq tamamlayaraq yekun nəticəni müəyyənləşdirib – 2 : 1.
Start heyəti: Kamal Bayramov, Elnur Allahverdiyev, Andrey Mureşan, Eder Bonfim, Elvin Mirzəyev; Rikardo Qomeş, Elman Talqayev, Akif Tağıyev, Alim Qurbanov, Kamran Abdullazadə; Fikrət Ulduzlu.


