- “Kəpəz”i 35 yaşlı kapitanı Azər Məmmədov maraqlı müsahibə verib.
- Azər, yola saldığımız mövsümü "Gəncə" üçün necə dəyərləndirirsən?
- Nəzərə alsaq ki, premier liqaya qayıdana kimi 3 il Gəncədə
futbol olmamışdı, onda 9-cu yeri qənaətbəxş nəticə saymaq olar. Şəhərimizdə futbolun olmadığı dövrdə bu idman növü inkişafdan qalmışdı. İndi də komandada yerli oyunçular azlıq təşkil edir. Futbolsuzluqla bağlı nəticəyə pis demək olmaz. Ancaq ümumilikdə 9-cu yer Gəncə futbolunun tarixinə yaraşmır.
- Çıxış etdiyin komandalar, adətən, çempionatda üst pillələrdə yer alıb. Bu mənada özün üçün mövsümü necə qiymətləndirirsən?
- Açığı, öz oyunumdan tam razı deyildim. 9-cu yeri tutan futbolçu özündən razı ola bilməz. Tutduğumuz mövqe imkan vermir ki, kimsə özünü tərifləsin. O düzdü ki, formasını geydiyim komandalar həmişə iddialılar sırasında olub. Açığı, artıq bununla barışıram. Çünki yaşım da az deyil və hər bir güclü futbolçunun başına belə şey gələ bilər.
- Mövsüm ərzində iki məşqçi ilə işlədiz. Fuad İsmayılovun dönəmində 1 hücumçu ilə oynadığınıza görə müdafiənin üzərinə daha böyük iş düşdü. Mehman Allahverdiyev isə hücumameyilli futbola üstünlük verdiyindən arxa xətdə bir qədər rahatladız. Məşqçilərin işini necə qiymətləndirirsən?
- Əvvəlcə onu deyim ki, hər iki mütəxəssisin Gəncə futbolunda böyük əməyi olub. Komandaya uğur qazandırıblar. Futbola baxışları da fərqlidi. Bizi öz sistemlərinə uyğun oynadırdılar. Ona görə də deyə bilmərəm, hansı pis, hansı yaxşı idi. Çünki komanda ikinci "altılıq"da mübarizə aparırsa, sistem dəyişikliyinin ciddi təsiri olmur. Qarşıdakı mövsüm yəqin dəyişikliklər hiss olunacaq.
- Fuad İsmayılovun istefaya göndərilməsində sənin də rolun oldu. "Simruq"la oyunda öz qapınıza vurduğun qol məğlubiyyətlə nəticələndi və...
- Rolum oldu (gülür). Bunda bir az özümü günahkar sayıram. Ancaq Fuad müəllimin istefaya göndərilməsinin əsas səbəbkarı mən deyiləm. Bu futboldu. Həmin oyunun 1-ci hissəsindən sonra paltardəyişmə otağında gözümdən yaş gəldi. Bunu sizə etiraf edirəm. Uşaqlardan xahiş etdim ki, bu oyunu mənə görə oynayın. Amma qismət olmadı. Qarşılaşmadan sonra da eşitdim ki, İsmayılovu istefaya göndəriblər. Nəinki futbolda, digər sahələrdə də iş yeri daimi deyil. Ola bilərdi ki, həmin qola görə məni də komandadan çıxara bilərdilər. Bu, karyeramda öz qapımıza vurduğum ilk qol idi. Ancaq minlərlə qol ola biləcək top çıxarmışam. Nə edək, hərdən belə də olur.
- Səni 10 ildən çox tanıyan biri kimi nə futbolda, nə də ondan kənarda münaqişəyə girən görməmişəm. Ancaq həmin oyunda avtoqola görə az qala azarkeşlərlə dalaşacaqdın.
- Onda çox əsəbi idim. Ancaq elə fikirləşirəm ki, fanatlarla münaqişəyə girməkdə düz etmədim. İki cavan oğlan idi. Fasilə ərəfəsində mənə söz atdılar ki, 2-ci hissəyə çıxanda qapımıza bir qol da vurarsan. Həmin sözlər mənə pis təsir etdi. Onsuz da çox üzülmüşdüm, azarkeşlərin də belə deməsi məni lap pərişan etdi. Əsəbi idim və düzgün addım atmadım. Onlara tərəf getməməliydim. Çünki onlar azarkeşdi, hər şey deyə bilərlər. Başqa vaxt məni dəfələrlə alqışlayıblar.
- Yaşının elə dövrüdü ki, futbolda qocalmağa doğru gedirsən. Tovuzda özüm şahidi olmuşam: istər məşqdə, istərsə də oyun vaxtı cavan uşaqlar Eltay əmi, Nizami dayı deyib təcrübəli komanda yoldaşlarına müraciət edib. Sənə necə, əmidən-dayıdan deyən olub?
- Bildiyiniz kimi, "Qarabağ"da da oynamışam. Onda Əfran İsmayılov, Maksim Medvedev hələ çox gənc idi. Rasim Karanın dövrü idi. Onlar həmişə mənə Azər abi deyirdilər. Mənə əmi də, Azər də desələr, qəbul edərəm. Bunun elə bir əhəmiyyəti yoxdu. Əsas odu ki, Gəncədə yaxşı futbolçular yetişsin. İndi şəhərdə gənc oyunçu azdı. Bilirsiz ki, Nizami Yurdunda yaxşı futbolçu yetişsə, bu, ölkə futbolu üçün xeyirli olacaq. Çünki Gəncə futbol məktəbidi. Bu istiqəmətdə işlər gedir. Gəncə Regional Futbol Federasiyası və "Kəpəz" klubu bu yöndə iş apırır. Gözlənilir ki, bundan sonra yaxşı olacaq.
- Yadımdadı 90-cı illərin sonunda Tofiq Məmmədov futbolla vidalaşanda hamı deyirdi ki, "təəssüflənməyə dəyməz, artıq Azər Məmmədovumuz var". Bu gün necə, Azərin layiqli davamçısı yetişirmi?
- Tofiq Məmmədov futboldan gedəndə formasını mənə verdi. Hamı ondan sonra mənə ümid bağlayırdı. Bilirsiz, həmin dövrdə mahmudlar, faiqlər, xaliqlər vardı. Açığı, hazırda elə futbolçular yetişmir. Ancaq gələcəkdə olacaq. Əvəzedici heyətdə 4-5 yaxşı uşaq var. Hiss olunur ki, yüksək səviyyədə çıxış edə biləcəklər. Ancaq 4-5 uşaq Gəncə üçün azdı.
- Karyeranın bundan sonrakı dövrü necə olacaq? Təklif var?
- Açığı, oynamaq istəyirəm. Gücüm də var. Yəni futbolu atmaq fikrim yoxdu. "Kəpəz"lə bağlı söhbət var. Fikrim bu komandada oynamaqdı. İnşallah, yəqin ki, doğma klubumda çıxış edərəm.
- "Kəpəz" Avroliqaya vəsiqə qazanmaq üçün oynamaq istəyir. Ancaq bu elə də asan olmaycaq. Çünki iddialı 6-7 klub var.
- Sizinlə tam razıyam. Düşünürəm ki, transferlərdən çox şey asılı olacaq. Yaxşı futbolçular gətirilsə, yuxarı pillələr uğrunda oynamaq olar. Niyə də oynamayaq?!
- Ötən əsrin 90-cı illərinin sonları Gəncə futbolunun qızıl dövrü sayılır. Bir qədər öncə həmin dövrün bir neçə aparıcı futbolçusunun adını çəkdin. Gəncə futbolunda yenə elə bir dövr olacaqmı?
- Açığı, hazırda belə olacağını görmürəm. Mən Məhəmməd Məmmədovun yetirməsi olmuşam. O vaxtı onun 4 qrupu vardı. Futbol olmayan dövrdə hər müəllimdə 1 bölmə qalmışdı. İndi yenə qruplar çoxalıb. Hiss olunur ki, Gəncədə futbol inkişafa doğru gedir. Bir az səbr etsək, 5-6 il sonra yenə şəhər futbolunun qızıl dövrü gələ bilər. Gəncə yenidən Azərbaycan futbolunda hegemonluğu ələ keçirə bilər.
- Gəncədə futbolun inkişaf etdiyini deyirik. Amma bu gün şəhərin ən yaxşı yeniyetmələri "Qəbələ"nin Futbol Akademiyasında çıxış edir. Elə sənin qardaşın oğlu da Qəbələdədi. Sözsüz ki, onlar sabah Azərbacyan futboluna xeyir verəcəklər. Amma Gəncə futbolunun yetirməsi kimi yox.
- Düzdü. Ümumiyyətlə, futbolda şərait harda yaxşıdı, hamı ora qaçır. Valideynlər də bilir ki, Qəbələdə futbol üçün hər cür şərait var. Ona görə də hamı uşağını ora aparır. Amma Gəncədə belə akademiya olsa, bütün Azərbaycandan uşaqlar bura gələcək. Gəncədə futbolun ənənəsi, tarixi var. Burda daha tez və yaxşı futbolçu yetişdirmək olar. Amma şərait olan yerdə. Əsgər Abdullayev Tovuz futbolu haqda danışarkən deyib ki, rayonda uşaqlar sanki bulaq kimi qaynayır. Gəncədə də belədi. Burda Qəbələdəki şərait olsa, hamı geri qayıdacaq. Eşitdiyimə görə, şəhərimizdə də belə bazalar yaradılacaq. (“Futbol+”)